Günü icmalı:
01:30 Budapeşt hava limanında qrupun qarşılanması
Göstərilən vaxt təxminidir. Bakı–Budapeşt reysinin uçuşunu diqqətlə izləyirik və təyyarə eniş etdikdən təxminən 30 dəqiqə sonra sizi baqajların təhvil alındığı zonanın çıxışında (terminalın daxilində) qarşılayacağıq.
02:00 Avtobusla tranzit otelə yola düşmə (təxminən 50 km)
03:00 Otelə yerləşmə
09:00 Səhər yeməyi
12:00 Avtobusla Zaqreb şəhərinə yola düşmə (təxminən 320 km)
17:00 Zaqreb şəhəri üzrə tanışlıq ekskursiyası
19:00 Sərbəst vaxt
22:00 Otelə yerləşmə
Günün təəssüratı:
«Onun köhnə və işləməyən əşyaları xoşuna gəlirdi. Elə buna görə də ayrıldıq» – ayrılmış bir cütlük tərəfindən yaradılmış Ayrılıq Münasibətləri Muzeyindəki eksponatlardan birinin üzərində məhz belə yazılıb... Və bu, Zaqrebin özüdür!
Bir tərəfdən, burada 1863-cü ildən bu günə qədər hər axşam 200-dən çox qaz fənəri əl ilə yandırılır. Digər tərəfdən isə Las-Veqasdan çilçıraqlar gətirilərək şəhər kafedralında asılır. Burada cadugərləri uzaqlaşdırmaq üçün qapılara qoruyucu talismanlar asılır, eyni zamanda mexaniki karandaş da məhz burada patentləşdirilib.
Zaqrebin bütün bu ziddiyyətli və maraqlı tərəfləri haqqında tanışlıq ekskursiyamız zamanı ətraflı danışacağıq!
Günü icmalı:
08:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla Split şəhərinə yola düşmə (təxminən 390 km) + Plitvitse göllərinə əlavə ekskursiya
17:00 Split şəhəri üzrə tanışlıq ekskursiyası
19:00 Sərbəst vaxt
21:00 Otelə yerləşmə
Günün təəssüratı:
Ziddiyyətli Zaqrebdən sonra səyahətimizin məntiqli davamı – sakit və rahat Split şəhəridir. Xorvatiyanın bu şəhərində “fiyaka” adlanan xüsusi bir həyat tərzi mövcuddur. Bu, heç nə etmədən xoşbəxtliyin və rahatlığın dadını çıxarmaq vəziyyətidir və onu Danimarkanın “hüqqe” anlayışı ilə müqayisə etmək olar.
Bəlkə də bu hissin ilk kəşf edənlərindən biri Roma imperatoru Diokletian olub. O, 305-ci ildə könüllü olaraq hakimiyyətdən imtina edib, təqaüdə çıxaraq tərəvəz yetişdirməklə məşğul olmağa başlayıb. Amma sevimli məşğuliyyətinə yaxşı hazırlaşmışdı: Adriatik sahilində 40 min kvadratmetr sahəsi olan “təvazökar” bir saray inşa etdirmişdi. Görünür, məqsədi “fiyaka”dan onu heç nəyin yayındırmaması idi.
Bu gün imperator sarayının divarları arasında insanlar yaşayır, kafelər və mağazalar fəaliyyət göstərir. İmperatorun mavzoleyində isə (ironik olsa da, o, xristianları təqib edən hökmdar idi) VII əsrdən etibarən xristian kilsəsi yerləşir. Bütün bunları sarayın özündən 1500 il daha qədim olan Misir sfinksi sanki qoruyur. Bir sözlə, Splitdə darıxmağa vaxtınız olmayacaq!
+Əlavə ekskursiya: Plitvitse gölləri – bir-birinə şəlalələrlə bağlanan, pilləli şəkildə axan 16 göldən ibarət möhtəşəm təbiət kompleksidir.
Əfsanəyə görə, bu gölləri insanlara Qara Kraliça bəxş edib. O, həm tarixi şəxsiyyət, həm də əfsanəvi obraz kimi tanınır. Rəvayətlərdə qan içməsi ilə məşhurdur və hətta əfsanəvi qraf Drakulanın yaranması ilə də əlaqələndirilir. Deyilənə görə, dəhşətli quraqlıq zamanı yerli sakinlərin dualarını eşidərək elə güclü yağış göndərib ki, su vadidə əbədi qalıb.
Əlbəttə, alimlər bu əfsanəni qəbul etmir və göllər arasındakı təbii bəndlərin 10–15 min ildir mamırlar, yosunlar və bakteriyalar tərəfindən formalaşdırıldığını sübut edirlər. Bu canlılar suda həll olmuş əhəngi özlərinə cəlb edərək daş sədlərin ildə təxminən 1–3 santimetr böyüməsinə səbəb olurlar.
Hansı versiyaya inanmağınızdan asılı olmayaraq, Plitvitse göllərinin suyu havadan, dərinlikdən və günəş şüalarının düşmə bucağından asılı olaraq zümrüd yaşılı, firuzəyi və boz-mavi çalarlara bürünür. Bu möhtəşəm mənzərəni öz gözlərinizlə görməyə mütləq dəyər!
Günü icmalı:
08:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla Dubrovnik şəhərinə yola düşmə (təxminən 230 km)
13:00 Dubrovnik şəhəri üzrə tanışlıq ekskursiyası
15:00 Sərbəst vaxt
18:00 Avtobusla tranzit otelə yola düşmə (Zadar, təxminən 350 km)
23:00 Otelə yerləşmə
Günün təəssüratı:
Kiçik Dubrovnik – ixtiraçılığı ilə seçilən bir şəhərdir. 1377-ci ildə burada dünyada ilk dəfə karantin tətbiq olunub. (Karantin sözü ilk karantin müddətinin uzunluğundan yaranıb: “quaranta” italyan dilində “qırx” deməkdir.) 1272-ci il qanununa əsasən, mətbəxlər evlərin yuxarı mərtəbələrində yerləşdirilirdi ki, yanğın baş verərsə, alov bütün binaya yayılmasın. Bəs ikili mühasibat uçotu ilk dəfə harada təsvir edilib? Düz tapdınız – Dubrovnikdə!
Şəhərin əfsanələri də az deyil: divardan çıxan daş başın üzərinə dırmaşın və üzünüz ona tərəf dayanaraq köynəyinizi çıxarın. Yaxınlıqdakı Lokrum adasını isə özünüzə məxsus etməyə çalışmayın, hətta orada gecələmək də məsləhət deyil...
Gözəlliyinə gəlincə, sözə nə ehtiyac var? “Taxt oyunları” serialındakı Kral Limanı səhnələrinin böyük hissəsi məhz burada, Dubrovnikdə çəkilib!
Günü icmalı:
08:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla İstriya yarımadasına yola düşmə (təxminən 410 km)
16:00 Pula şəhəri üzrə tanışlıq ekskursiyası
17:00 Sərbəst vaxt
20:00 Avtobusla tranzit otelə yola düşmə
22:00 Otelə yerləşmə
Günün təəssüratı:
Hər səhər dünyanın müxtəlif yerlərində milyonlarla kişi boynuna Xorvatiyanın kiçik bir parçasını – qalstuku bağlayır. Hətta fransızların qalstuka verdiyi “cravate” adı da “xorvat” sözünün təhrif olunmuş formasıdır.
Dünyanın ən böyük qalstuku isə (808 metr!) haradasa deyil, məhz Pula şəhərində, Roma amfiteatrının ətrafında bağlanıb və bu rekord Ginnesin Rekordlar Kitabına düşüb. Yeri gəlmişkən, amfiteatr qorunub saxlanılmış qədim Roma arenaları arasında böyüklüyünə görə altıncı yerdədir. Vaxtilə 23 min tamaşaçı tutan bu tikili həm də dörd künc qülləsinin hamısı qorunub saxlanılmış yeganə amfiteatrdır.
Bundan əlavə, Pulanın yerləşdiyi İstriya yarımadası trüfelləri ilə də məşhurdur. 1999-cu ildə burada çəkisi 1,31 kq olan ağ trüfel tapılıb və həmin vaxt dünyanın ən böyük trüfeli hesab olunub. Buna görə də axşam yeməyində trüfelli pasta dadmaq, demək olar ki, proqramın mütləq hissəsidir!
Günü icmalı:
08:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla Triest şəhərinə yola düşmə (təxminən 150 km)
12:00 Triest şəhəri üzrə piyada ekskursiya
14:00 Sərbəst vaxt + Miramare qəsrinə əlavə ekskursiya
21:00 Avtobusla tranzit otelə yola düşmə (Udine, təxminən 70 km)
22:00 Otelə yerləşmə
Günün təəssüratı:
Triest haqqında hamının bildiyi faktlardan danışmaq olar. Məsələn, məşhur Illy qəhvə brendinin vətəni olması, burada sürəti saatda 188 km-ə çatan güclü Bora küləyinin əsməsi, qəhvə içkilərinin adlarının digər şəhərlərdən fərqli olması, Ceyms Coysın “Uliss” əsərini məhz burada yazmağa başlaması və s.
Amma şəhərin daha maraqlı və qeyri-adi tərəflərindən də bəhs etmək olar. Məsələn, qadınlar və kişilər üçün çimərlik hissələrini ayıran divardan, içərisində bütöv bir kafedralın yerləşə biləcəyi qədər böyük mağaradan, psixologiya sahəsindəki fəaliyyətindən əvvəl məhz burada ilanbalıqlarının çoxalmasının sirrini açmağa çalışan məşhur Ziqmund Freyddən...
Triest çoxşaxəli və rəngarəng şəhərdir, elə maraqlı edən də məhz budur!
Ekskursiyadan sonra isə görəcəyik: Ceyms Coys kimi sizin də qəlbiniz bu şəhərdə həmişəlik qalacaqmı?
+Əlavə ekskursiya:
Dənizin üzərindəki qayalıqda ucalan qar kimi ağ Miramare qəsri Habsburq sülaləsindən olan arxidük Maksimilian tərəfindən inşa etdirilib.
Amma qəsrin ən maraqlı tərəfi təkcə memarlığı deyil. Arxidük ətrafındakı bağ üçün müxtəlif bölgələrdən torpaq gətizdirirdi. Bundan əlavə, ona Meksika imperatoru taxtı da təklif olunmuşdu. Qəsrdə isə Maksimilianın real admiral kayutası formasında layihələndirilmiş xüsusi otaq var.
Bir sözlə, qəsrin sahibi və bu möhtəşəm memarlıq əsəri haqqında danışılacaq çox maraqlı məqamlar var. Bu sənət əsərini öz gözlərinizlə görməyə mütləq dəyər!
Günü icmalı:
07:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla Lyublyana şəhərinə yola düşmə (təxminən 150 km)
11:00 Lyublyana şəhəri üzrə piyada ekskursiya
13:00 Sərbəst vaxt + Bled gölünə əlavə ekskursiya
20:00 Avtobusla tranzit otelə yola düşmə (Maribor, təxminən 130 km)
22:00 Otelə yerləşmə
Günün təəssüratı:
Bilirdinizmi ki, indiyədək tapılmış ən qədim təkərin təxminən 5200 yaşı var və o, Lyublyanada saxlanılır? Artıq bilirsiniz! Bəs yalnız süd satmaq üçün avtomatlar quraşdırmağın mənası varmı? Lyublyananın bu suala tutarlı cavabı var: “mlekomat” adlanan avtomatlardan fermalardan gətirilən təzə süd almaq mümkündür.
Bundan əlavə, şəhərdə 4500-dən çox arı pətəyi yerləşir. Şəhər haqqında daha bir maraqlı fakt! Rəqəmlərlə yarış davam etsə, Lyublyana burada saxlanılan 60 min illik Neandertal fleytasını da xatırladacaq.
Bütün bunlar kifayət etmirsə, bir memar tərəfindən vahid memarlıq konsepsiyası əsasında layihələndirilmiş şəhəri təsəvvür edin. Məhz belə şəhərdir Lyublyana! Ekskursiyamız zamanı bu gözəl şəhəri yaxından tanıyacağıq.
+Əlavə ekskursiya:
Bled gölü əsl nağılda olması gərəkən hər şeyə sahibdir: qayalıq üzərində qala, arzular zənginin yerləşdiyi ada, öz əfsanəsi və hətta özünəməxsus deserti – vanilli krem və qaymaqla hazırlanan “Kremşnita” şirniyyatı.
Yerli mənzərələrin möhtəşəmliyi haqqında isə heç nə deməyəcəyik. Gəlin, hər şeyi özünüz görün, şəkillər çəkin və bu gözəl anları yaddaşınızda əbədi saxlayın!
Günü icmalı:
07:00 Oteldə səhər yeməyi
08:00 Avtobusla Budapeşt şəhərinə yola düşmə (təxminən 340 km)
13:00 Budapeşt hava limanına transfer
Günün təəssüratı:
Budur, səyahətimizin sonuna çatdıq! Puladan qalstuk, Splitdən imperatorun kələmi, İstriyadan trüfel, Triestdən qeyri-adi adı olan qəhvə və Bled gölündən arzular zəngi – artıq bütün bunlar sizin maraqlı səyahət xatirələrinizdir. İndi hava limanında yalnız bir şeyi yoxlamaq qalır: görəsən, çamadanınızdan Lyublyananın süd şüşələrini çıxarmağı unutmamısınız ki? ;)
Amma bir dəqiqə, hələ hər şey bitməyib! Səyahətimizin son sürprizi Budapeştdir. Bu şəhər Hunvar və ya Etelvar adlandırıla bilərdi. Lakin 1873-cü ildə Buda, Peşt və Obuda birləşərək məhz Budapeşt adını aldı.
Rubik kubunun ixtira olunduğu bu şəhəri birlikdə gəzəcək və digər maraqlı mövzularla yanaşı, burada binaların niyə 96 metrdən hündür tikilmədiyi haqqında da söhbət edəcəyik.
Əlavə məlumatlar:
- Tur programına uyğun olaraq Xorvatiya vizasına müraciyyət edilməlidir və ya digər ölkələrin etibarlı Şengen vizaları olmalıdır;
- Uşaqlar üçün yaş həddi: 4–11.99 yaş. 4 yaşdan kiçik uşaqlar tura qəbul edilmir.
- Uşaqlar üçün qiymər DBL+CHLD otaq tipində mümkündür;
- Sərbəst vaxtlarda avtobus müşayiəti təmin edilmir;
- Turoperator fövqəladə hallarda ekskursiyaların sırasını dəyişdirə və ya ekvivalentləri ilə əvəz edə bilər;
- City tax, checkpoint və əlavə ekskursiyaların ödənişi turistlər tərəfindən tur zamanı yalnız nağd şəkildə avro ilə həyata keçirilir.
- 1/2 TWIN rezervasiyası check-in tarixinə 14 gündən az müddət qaldıqda, rezervasiyanın təsdiqlənmə imkanı öncədən satış meneceri ilə mütləq dəqiqləşdirilməlidir.
- Avtobusda oturacaq yerlərinin sxemi təxmini xarakter daşıyır. Oturacaq yerləri avtobusun model və modifikasiyasından asılı olaraq dəyişə bilər və əvvəlcədən zəmanət verilmir.
Ödəmə şərtləri:
- 30 EUR – tur dəyərinin zəmanətli hissəsi rezervasiya tarixindən etibarən 3 gün ərzində ödənilməlidir. Zəmanətli hissənin ödənilməməsi rezervasiyanın xəbərdarlıq edilmədən avtomatik ləğvi ilə nəticələnəcək.
- Turun dəyərinin 100%-i turun başlamasına ən geci 14 gün qalmış ödənilməlidir.
Ləğv etdikdə cərimə şərtlərtləri:
Turun başlamasına 14 və çox gün qalmış - turun zəmanətli hissəsinin dəyəri (30 EUR).
Turun başlamasına 0-14 gün qalmış - turun dəyərinin 100% -i.